Tarixi məkanlarımız təhsilin ilk beşiyi kimi

18 noyabr 2017 18:34
Oxunma sayı: 220

Tarixi məkanlarımız təhsilin ilk beşiyi kimi



Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk islam dünyasnın mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri hələ qədim
zaman­lar­dan yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai hə­yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları in­kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söylə­miş­lər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babaları­mızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir.
Zəngin şifahi xalq ədəbiyyatımız – “Kitabi Dədə Qorqud”, “Bil­qamıs”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastan­larmız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğ­lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol­ma­sından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeo­loji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsindən xə­bər verir. Bütün bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl mə­dəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə mədəniyyətinə, müalicə üsullarına sahib ol­duq­larını təsdiq edir.
Ulu öndərimiz Heydər Əliyev demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi – həm təbiətinin, həm adət-ənələrinin, etnoqrafiaysının öyrənilməsi barədə çox az iş görülübdür” (1, 17).
Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərin­də düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz in­san­lara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gə­mi­qaya rəsmlərində bir atlının baş və ayağında geyim olması o dövrün peşələrini (toxuculuq, çəkməçilik və s.) təxmin etməyə imkan yaradır. Şübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan­dıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmiş, tərbiyə qazanmışlar.
Gəmiqayanın ilk tədqiqatçısı akademik Vəli Əliyevin tədqi­qat­larından məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun­muşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri; 2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səh­nə­lər; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər (4, 24).
Gəmiqayalılar nəqliyyat va­sitəsi kimi at, dəvə, ulaq və arabadan istifadə etmiş, maldarlıq, ovçuluq, əkinçiliklə məşğul olmuşlar. Buradakı iki təkərli, dörd təkərli araba rəsmləri diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuz­na­mə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları ol­muş­lar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi vardı. Bu kişi bir araba çapdı... Arabalar gedəndə “Kanq, kanq” deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular. Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada salsın”(14, 28). Bu ad Naxçıvanda məskunlaşmış qədim Kəngərli tayfasının adıdır.
Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək­miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi, işığı, tərəqqini ifadə edir.
Ümumiyyətlə günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur. Hələ qədim Hindistanda V əsrdə cahilliyə, avamlığa qarşı mübarizə cəmiyyəti yaradılmışdır ki, bunun adına “Kurikul” deyilmişdir. “Ku” qədim hind dilində avamlıq, gerilik deməkdir. “Ru” və ya “Ra” - günəş, işıq, ziya deməkdir. “Kul” ailə, icma deməkdir. Beləliklə “Kurikul” cahilliyə qarşı işığın, ziyanın mübarizəsi deməkdir. Hindistanda indi də məktəbə Kurikul deyilir. Bu gün təhsilimizə daxil olan “Kurikulum” sözünün mənası və mahiyyəti buradan meydana gəlmişdir.
Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb- gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos” deyilirdi. Qədim yunan dilində “Paydas” - “uşaq” , “gogos” - “yola salan” deməkdir ki, “pedaqogika”, “pedaqoq” sözləri də buradan meydana gəlmişdir. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına “Şkola” deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt keçirilən yer” deməkdir.
Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü – yəni “Şkola” sözünü Şumerlərdən götürmüşlər. Daha sonra o “Böyük didaktika” əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu Sam yaratmışdır. Adını Skala adlandırmışdır(7, Глава 8, параграф 3. стр.23). Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yəhudi əsilli yunan filosofu İosif Flavidən götürmüş və ona əsaslanaraq bunu yazmışdır.
Qeyd edək ki, Naxçıvan şəhəri haqqında ilk məlumat tarixçi, filosof İosif Flaviyə (e.ə. I əsr) məxsusdur. Sonra yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (b.e. II əsri) “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.
Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Bibliyadakı Nuh tufanı hadisəsinə əsaslanan versiyanın başqa bir yozumuna görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh), türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi və türk dilində yer, məkan bildirən “van” toponimik formatından ibarət olub, “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim qramatik tərcümədə "Naxidjevan" kimi səsləndiyini deyir və "ilk dayanacaq" anlamını verir. Adı çəkilən toponim məhz müasir Naxçıvan şəhərinə aid edilir (5, 56).
Naxçıvan Azərbaycanın və Şərqin, hətta deyə bilərik ki, dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskəni olmuşdur. “Naxçıvanın dünyanın ən qədim yaşayış məskəni olduğunu Dünya tufanı və Nuh peyğəmbərlə bağlı konkret faktik materiallar və maddi arxeoloji tapıntılar, habelə xalq yaddaşında qorunub saxlanılmış mifoloji materiallar sübut edir” (13,30) Şəhərin tarixi minilliklərin dərinliklərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Yerli sakinlər Naxçıvanın yerində qədim yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və Gəmiqayada dayanmışdır. Bu dağ Kiçik Qafqazda ən hündür dağdır ki, hündürlüyü 3906 metrdir. Zirvəsi “Qapıcıq” adlanır. “Qapıcıq bəşəriyyətin yeni həyatına “açılan kiçik qapı”, “giriş yeri” mənasını daşıyır” (6, 18(4 təkərli, dörd təkərli 8 iyul, 2012-ci il. Naxçıvan, 2013.etrdir. ).
Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə, Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşamış və bu torpaqda da vəfat etmişdir. Akademik İsa Həbibbəyli uzun illik apardığı təhlil və tədqiqləri nəticəsində bildirir ki, Nuh tarixi şəxsiyyət olmuşdur. Gəmiqaya ətəklərindəki Qaranquş yaylağı – Nuh peyğəmbərin suyun çəkilib – çəkilmədiyini öyrənmək üçün əfsanəvi gəmidən buraxdığı və caynağında palçıq, yaxud dəfnə yarpağı geri dönən Qaranquşun adını əbədiləşdirən toponimdir (6, 18).
Son zamanlaradək Naxçıvanda yaşayan uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş, “İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn olunduğu yeri tanımış və o yerin müəyyənləşdirilməsi komissiyasında iştirak etmişdir. Realist məşhur rəssam Bəhruz Kəngərli "Nuhun qəbri" ni 1919-1920-ci illərdə 3 dəfə çəkmişdir (3, 18-19). Bu gün Nuhun qəbri Naxçıvanda Nuhdaban deyilən yerdədir və üzərində böyük məqbərə ucaldılmışdır.
Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin K.A. yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur (12, 111).
Y.A.Komenski qədim yunan filosofu İosif Flaviyə əsaslanaraq göstərir ki, Nuhun oğlu Sam ilk yaratdığı məktəbin adını “Skala” qoymuşdur ki, bu sonradan Avropaya yayılmışdır(8, Гл. 8, параграф 3. стр.23). “Skala” ilkin mənasında “pillə”, “mərhələ” mənasını vermişdir. Rus dilində “Şkala”- “dərəcə”, “mərhələ” deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılmışdır. İngilis dilində məktəb mənasını verən “Skul”, fransız dilində “Lekol”, alman dilində “Şule”, türk dilində “Okul”, rus və belarus dillərində “Şkola” kəlmələri “Skala” sözündən əmələ gəlmişdir.
Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən “Skala” sözü qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya - Gəmiqayaya yön almış, orada dayanmışdır. Bəs bu ad – “Skala”, Şkola” Şumerlərə necə gedib çıxmışdır ki, yunanlar da bunu oradan götürmüşlər.
Tarix kitablarında göstərilir ki, Şumerlərlə Arattalıların həmişə sıx əlaqələri, xüsusilə, müntəzəm olaraq sıx ticarət əlaqələri olmuşdur. Naxçıvan da Aratta, sonralar Manna dövlətinin tərkibində olmuşdur. Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınmış və oradan əvəzində lacivərd alıb gətirmişlər. “Şumerlər duza yüksək dəyər vermiş və duza səcdə etmişlər” (7, 125). O zaman məşhur “Duz yolu” mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir etmişdir.
Fransız alimi Katerina Marro yazır: “Naxçıvandakı Duzdağının duzu m.ö. 4 mininci illərdə belə geniş şəkildə işlənmışdir” (11, 25). Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. “Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir” (10).
Burada olan mədəniyyət Şumerlərə, şumerlərdə olan mədəniyyət bu tərəflərə yayılmışdır.i haqqında və Naxçıvanın bir diyar kimi ö İki təkərli, dörd təkərli at arabalarının rəsmini biz Gəmiqayada aydın şəkildə görürük. Qayalarda həkk olunan başında papaq, əynində kürk, ayağında çəkmə olan at üstündə atlının rəsmi hələ o dövrün peşələrindən xəbər verir. İnsan ağlı təkəri kəşf edərək araba yaratmışdır. Bu qədim insanımızın yüksək zəkası, biliyi sayəsində mümkün olmuş, o kürk toxumuş, papaqçılıq, çəkməçilik kimi peşələrə yiyələnmişdir. Bizim insan vəhşi atı əhliləşdirmiş, sürət əldə etmiş, hündürə qalxaraq idarəçilik etmişdir. Mənbələrdə göstərildiyi kimi tarixdə atı əhliləşdirən ilk dəfə türklər olmuşdur. Demək bu yerlər qədim türk- oğuz yurdu olduğu bilinməkdədir.
Tədqiqatçı Şümeroloqlar – amerikalı Kramer, türkiyəli İlmiyyə Müəzzəz apardıqları tədqiqatlara əsasən bildirirlər ki, Şumerlər özlərinə Kəngər deyirdilər. Kəngər tayfaları isə Naxçıvandadır. Bu tayfa öz cəngavərlikləri ilə, şücaətləri ilə tarixdə məşhurdurlar. Generel Naxçıvanskilər, Naxçıvan xanları Kəngərli tayfalarıdır.
Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır: “Era­­mızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu (“Kanq­lı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - hori­zon­tal xətlə yazılar yazırmış” (15, 134). Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I əsrdə və bizim eranın I əsrində, Flavi, Strabon və Plini yazmışdır. Eramızın ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində Kən­gərlilər haqqında maraqlı məlumatlar vermişlər. Kəngərlilər “Kitabi-Dədə-Qorqud”da “Qanlı”, “Kanqlı” adı altında xatırlanır.“Qanlı qoca oğlu Qanturalı boyu”nda (9,183) “Qanlı”- “Kanqlı” kəlməsindəndir. Dədə Qorqudda deyilir: ”Bu qədim soyköklərdən biri olan kəngərlilərin qədim adıdıdr (9, 261).
Gəmiqaya ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətləri demək olar ki, eyniyyət təşkil edir. Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim mədəniyyət, elm, təhsil mərkəzi olmuş, burada sistemli təlim, yazı və oxu mədəniyyəti olmuşdur. Tədqiqatçı alim Əjdər Fərzəli öz dəyərli kitabında yazır:
“Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuş. Onların 9-u sait, 23 –ü isə samit olmuşdur. Hərflər müstəqil şəkildə həm də müəyyən bir sözü ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur (2, 328). ”Gəmiqayadakı təsvirlərin özü sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olmuşdur. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Bu rəsmlər qayaların köksündə bədii, həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir və Tanrıçılıq - yaradılış inamını yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir... Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir” (6,50). Bu rəsmləri yaratmaq, iki təkərli, dörd təkərli arabalar kəşf etmək, atlı rəsmində gördüyümüz kimi atlının başında papaq, ayağında çəkmə, əynində kürk, yaxud da müqəddəs mənbələrdə göstərildiyi kimi üzüm suyundan – şərab hazırlayaraq Nuhun istifadə etməsi və s. o deməkdir ki, burada insanlar hərtərəfli bilik qazanmış, mənalı, məzmunlu bir elm, təhsil həyatı keçirmişlər.
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

Şərh