NATO-nun müttəfiqi olan Türkiyə indi hədəfə çevrilir

18 noyabr 2017 13:48
Oxunma sayı: 92

NATO-nun müttəfiqi olan Türkiyə indi hədəfə çevrilir



"NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsi hər şeydən öncə bir millətin dəyərlərinə qarşı olan hörmətsizlik kimi başa düşülməlidir. Nəzərə alsaq ki, Türkiyə ilə NATO 65 ildir müttəfiqdirlər, onda bu münasibəti izah etmək bir qədər də çətinləşir".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu son zamanlar NATO-Türkiyə münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.
Lakin onun fikrincə, bu çətin məsələnin çox sadə izahı var: "Bu isə ondan ibarətdir ki, Türkiyə NATO üçün Varşava Müqaviləsi Təşkilatına qarşı geostrateji mövqeyinə görə müttəfiq seçilmişdi. Bu hərbi-siyasi və hərbi-ideoloji blokun dağılmasından isə artıq əsrin dörddə biri qədər vaxt keçib. Yeni geostrateji şərtlər formalaşıb, hətta iş o yerə gəlib çatıb ki, bu gün "Varşava Bloku"nu yaradan ölkənin siyasi varisi olan Rusiya ilə Türkiyə arasında sürətlə irəliləyən strateji əməkdaşlıq müşahidə olunur. Səbəb isə son illərdə NATO-nun Türkiyəyə müttəfiq kimi deyil, daha çox Türkiyənin təhlükəsizliyini təhdid edən hərbi-siyasi mərkəz kimi çıxış etməsi, Yaxın Şərqdə baş verən mühüm tarixi proseslərdə öz müttəfiqinin maraqlarını israrla gözardı etməsidir. Belə olduqda isə Türkiyə də məcburən yeni müttəfiqlər axtarışına çıxmalıdır".
NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçildi - Türkiyə hərbçilərini geri çağırdı
Millət vəkili qeyd edib ki, bu, NATO tədbirlərində Türkiyə ilə bağlı baş verən ilk belə insident deyil: "Məsələn, 2000-ci illərin əvvəllərində də bir dəfə NATO-nun təlimlərinin birində NATO-nun yeni Yaxın Şərq və Şimali Afrika layihəsinin xəritəsində Türkiyə ərazisində bir neçə qondarma dövlət göstərilmişdi. Hadisələr sübut etdi ki, belə hallar təsadüfi baş vermir. Çünki sonrakı mərhələdə biz Şimali Atlantika Blokunun Müsəlman Şərqində apardığı hibrid müharibələrdə Türkiyəni də parçalamağa cəhdlər etdiyinin şahidi olduq. Bu gün də Türkiyə təkcə təlimlərdə deyil, elə real hərbi-siyasi proseslər də üzvü olduğu hərbi blokun hədəflərindən biridir. Bunu Türkiyədə də gözəl bilirlər. Ancaq 2000-ci illərdə zəif olduqlarına görə, belə sərt reaksiya verə bilmirdilər. Bu gün isə qardaş Türkiyə Cümhuriyyəti belə mənəviyyatsız həmlələrə layiqincə cavab vermək gücündədir. Türk xalqı və hökuməti 15 Temmuz 2016-cı il hadisələrində ən təhlükəli və ən mənəviyyatsız müdaxiləyə layiqincə cavab verməyi bacardı".
H.Babaoğlu hesab edir ki, Türkiyə yeni dünya düzənində daha güclü olub, özü bir güc mərkəzinə çevrilməlidir: "İnsidentlə bağlı NATO rəhbərliyinin üzr istəməsinin səmimi olduğuna kimisə inandırmaq çətindir. Çünki belə hallar sistematik olaraq baş verir. Ona görə də Türkiyə yalnız özünə güvənməli, yeni geosiyasi şərtlərin tələblərinə uyğun olaraq regionda yeni güc mərkəzi formalaşdırmalıdır. Çünki postbipolyar dünya nizamı sona çatır. Hazırda multipolyar, yəni çoxqütblü dünya nizamının yaranmasına doğru gedirik. Niyə də bu çoxqütblü nizamda Türkiyə və müttəfiqləri yeni güc mərkəzi olmasınlar?!"

İlkin İzzət

Şərh