Filim kimi olay: 17 il axtarışda olanı hakim azad etdi

23 noyabr 2017 19:43
Oxunma sayı: 91

Filim kimi olay: 17 il axtarışda olanı hakim azad etdi



Adam oğurlamaqda təqsirli bilinən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Məzahir Süleymanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakimlər kollegiyasının hökmünə əsasən, M.Süleymanov barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatdığından onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməyib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Məzahir Süleymanovun da daxil olduğu dəstənin üzvləri 17 il əvvəl mühakimə olunublar. Dəstə üzvləri 5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar.
Məzahir Süleymanov isə ölkədən qaçaraq istintaqdan yayınmağı bacarıb. Bu səbəbdən onun mühakiməsi həmin dövrdə baş tutmayıb.
Dəstə başçılarından biri kriminal aləmdə "Nardaranlı bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşov olub. Onlar adam oğurluğu ilə məşğul olublar. Oğurladıqları Tofiq Hüseynov isə o zaman "Binə” yarmarkasının sahiblərindən biri olan Məmmədmirzə Hüseynovun qardaşı olub.
İstintaq sənədlərinə görə, Məzahir Süleymanov və dəstənin digər üzvləri 1999-cu ildə Bakı şəhər sakini Tofiq Hüseynovu oğurlayıb, ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi barədə plan hazırlayıblar. Planı quran dəstə üzvləri həmin zaman həbs olunublar.
Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev və digərləri də həmin il istintaqa cəlb ediliblər.
Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov, Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.
Məzahir Süleymanov və dəstənin digər üzvləri saxlanılan yerdə Tofiq Hüseynovun keşiyini çəkiblər. Həmin günlər ərzində Tofiq Hüseynov dəstə üzvləri tərəfindən döyülüb.
Sonra istintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədəki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış.
Elə həmin vaxt dəstə üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyat zamanı həbs ediliblər. Məzahir Süleymanov isə qaça bilib.

Şərh