Keçmiş Sovet dövlətləri hətta müstəqil olandan sonra da Kremlin siyasi iddialarının və yaxud da təhdidlərinin dəyişməz ünvanı olaraq qalırlar.

17 mart 2018 22:23
Oxunma sayı: 50

Bu il düz dörd postsovet ölkəsində - Rusiyada, Ukraynada, Azərbaycanda və Ermənistanda seçki ilidir. Amma nə qədər təəccüblü olsa da, bu dörd ölkədəki seçkilər siyasi təhlilçilər üçün ən adi və ya orta statistik demokratik ölkədəki seçki qədər suallar doğurmur, məchulluq və qeyri-müəyyənliklər vəd etmir.

Yalnız Ukraynadakı prezident seçkilərində hansısa ciddi sürprizlər yaşana bilərdi və əvvəl güman edilirdi ki, burada proseslər tamam rəvan keçməyəcək. Amma ukraynalı oliqarxlar özlərini sığortalaya bildilər. Belə ki, gərgin seçki vəd edən adam – M.Saakaşvili nəinki ölkədən kənar edildi, hətta onun Ukrayanaya dönüşünə üç illik yasaq da qoyuldu.

Ona görə də dörd ölkədəki seçkilərdən yalnız birinin üzərində dayanmaq və Rusiyada baş tutacaq prezident seçkilərindən yazmaq istəyirik. Hərçənd, özündə də prezident seçkisi keçiriləcək ölkənin vətəndaşı kimi bizim başqa ölkədə - Rusiyada keçiriləcək seçkiyə daha çox diqqət ayırmağımız əslində təəccüblü görünməlidir.

Düzdür, belə marağı əsaslandıran xeyli məqam var. Demək olar ki, Rusiya tamam başqa haldır, böyük və ətraflarına da həlledici dərəcədə təsir etmək iqtidarında olan ölkədir, hətta deyərdik ki, qonşuluğundakı kiçik ölkələrçün Allahın yaratdığı bəladır.

Məsələ bundadır ki, bu kiçik ölkələrin bəzisinin coğrafi mövqeləri müəyyən geosiyasi dividendlər gətirsə belə, tək bircə amil – Rusiyayla qonşuluq onlara həm də böyük problemlər yaşadır, çünki indiyədək, hətta müstəqil olandan sonra da Kremlin siyasi iddialarının və yaxud da təhdidlərinin dəyişməz ünvanı olaraq qalırlar.

Son arqumentimiz sözsüz ki, məntiqsiz deyil. Amma o, da var ki, bu ölkədə də növbəti prezident seçkisilə bağlı hər hansı bir sual və yaxud da məchulluq hətta insan zəkasının uzaq üfüqlərində belə görünmür.

İnanmazsınız, adamın ağlına fantastik bir siyasi süjetin mövzusu ola biləcək fikirlər gəlir: məsələn, düşünürsən, görən, ABŞ-ın xüsusi xidmət idarələri ötən seçkilərin əvəzini Rusiyadan necəsə çıxmağı planlaşdırmır ki?

Təbii, Rusiya gerçəkliyində kompüterlərə müdaxilə edib səsləri dəyişmək kimi nömrələr keçməz, çünki bu ölkələr belə problemləri həll etməyin yollarını çoxdan tapıb,- buralarda Stalin demişkən, “səs vermək” xalqın, səsləri saymaq, paylaşdırmaq, elan etməksə hökumətin işidir.

Image result for Vladimir Putin

Sadəcə, başqa, “qeyri-elektron müdaxilələr” ola bilərdi, məsələn, amerikalıların dəstəyilə müxalifətin gücü bir az artırıla bilərdi ki, bu, da etiraz formasında təzahür edər və sayın Putinin başını bir az ağrıdardı.

Amma artıq demək olar, bunun da ehtimalı sıfra bərabərdir-seçkiyə qatılan digər namizədlər ikinci olmaq uğrunda çarpışır, qatıla bilməyən və daha radikal hesab olunan müxalifət isə yalnız B.Nemtsovun anım günündə azacıq da olsa, diqqətə gələ bilən aksiya təşkil edə bildilər.

Ona görə də bu yazı ilə sadəcə istədik ki, qüdrətli, özünü hətta “ümummilli lider” sayan Putinin siyasi portretinin bəzi cizgilərinə diqqət çəkək.

Birmənalı demək olar ki, Rusiyada indi də, hətta seçkidən əvvəl də müxalifət düşərgəsində ən çox diqqət çəkən adam A.Navalnıdır və artıq dekabrın ən son günlərində belə məlum oldu ki, seçki komissiyası onun namizədliyini rədd edibdir.

Image result for navalnı

Ötən ilki böyük illik mətbuat konfransında A.Navalnının hətta adının çəkilməsinin V.Putini necə haldan çıxardığını xatırlasaq, bunun bir izahı var: Rusiya prezidenti bu adamdan ehtiyat edir...

O mənada yox ki, A.Navalnı məhz elə indiki seçkilərdə onun üçün böyük və real təhlükə idi, yox, sadəcə, Putin çox yaxşıca anlayır ki, onu böyük siyasətə buraxmaq olmaz.

Ona görə ki, Navalnı məhz indi onun özü üçün dəhşətli problem olmasa da, sabahın, ən azı növbəti seçkilərin çox böyük probleminə çevrilə bilər, çünki Putin artıq özünü “ümummilli lider” saysa da, bütün hallarda, müəyyən siyasi düşərgəni təmsil edir və kimsə bizi qətiyyən inandıra bilməz ki, Vladimir Vladimiroviç gələcək üçün daha bir “tandemokratiya” planlaşdırmır- axı, ona da qocalığını rahat başa vurmaq lazımdır...

Problem bundadır. A.Navalnıy kimilər təhlükədir və bu seçki üçün, Putinin özü üçün olmasa da, onun düşərgəsi və bir də rahat qocalıqla bağlı planları üçün təhlükədir. Ona görə də Putin belələrindən qorxur.

Üstəlik, Navalnı kimilər meydanlardan gələn, əsl ictimai-publik siyasətçilərdir və siyasətə təhlükəsizlik xidmətlərinin dəhlizlərindən “transfer” olunmayıblar.

Putin hətta özü də belələrindən çəkinir, çünki natiq deyil, polemist deyil, yüksək intellektual qabiliyyəti yoxdur, hətta “siyasi obrazı” da prezident seçilənə qədər deyil, əksinə seçiləndən sonralar yaradılmağa başlayıbdır, çox güman ki, “idmançı prezident obrazı”nı indi də çoxu unutmayıb, ən azı ona görə ki, həmin çarx hazırda da fırladılır.

İlk dövrlərdə, “Putin obrazı” yaratmaq üçün başqa nələr etmirdilər! Bir detal deyəcəm. Guya, bunun intellektual göstəricilərini gözə soxmağa çalışırlar. Bəli, Putin bir doktorluq dissertasiyasının müdafiəsində peyda olur.

Dissertasiya da bilavasitə hərblə, hərbi dəniz qüvvələrilə bağlı idi. Siz görün, o, dissertantdan, hərb elmləri üzrə doktor olmağa hazırlaşandan nə soruşur: “Gəmilər kimin hüquqi ərazisidir?”...

Putinin “siyasi trayektoriyası” hamıya yetərincə bəllidir. Bəlkə də inandırıcı görünməyəcək, amma biz onun hakimiyyətə necə gələcəyini irəlicədən proqnozlaşdırmışdıq. O vaxt bir fond üçün aylıq siyasi təhlillər yazırdıq. Belə analizlərin birində qeyd etmişidik ki, çox yaxın vaxtda B.Yeltsin istefa verəcək və onun səlahiyyətlərini icra edən Putin növbəti prezident olacaq. Onda bu sözlərimiz böyük mübahisələrə səbəb oldu, hamı deyirdi ki, heç Yeltsin də istefa verərmi?

Amma qısa müddətdən sonra deyilən kimi də oldu, Dağıstanda və Çeçenistanda müəyyən irəliləyişə nail olan baş nazir V.Putin həqiqətən də az keçəndən sonra prezident oldu.

Bəs bizi bu fikirlərə nə təhrik etmişdi? Sadəcə, aydın idi ki, Rusiyanın “siyasi landşaft”ında başqa cür ola da bilməz və Putin də məhz bu yolla hakimiyyətə gəlməlidir, çünki belə ölkələrdə seçkiləri adətən artıq hakimiyyətdə olanlar “udurlar”. Üstəlik, ola bilsin, V.Putin özünü o vaxt yüksək çinli məmur kimi təsdiq etmişdi, amma əvvəldə dediyimiz kimi, hələ publik, geniş elektoral auditoriyaya tanış olan bir siyasətçi deyildi.

Böyük ehtimalla Putin həmin ssenarini unutmayıbdır. B.Yeltsin vaxtilə onu hakimiyyətə gətirərək özü üçün necə hüquqi və fiziki rahatlıq təmin etmişdisə, altı ildən sonra V.Putin da belə edəcəkdir, çünki o da ömrünü rahat başa vurmaq istəyir.
O ki qaldı bu adamın hakimiyyət spesifikasına, nələrə nail olduğuna, lap öncə onu deyək ki, “Rusiya demokratiyası” göz önündədir–hələki tamam “institusional avtoritarizm” şəklinə düşməsə də burada da ən azı “xarizmatik avtoritarizm” hökm sürür. Rusiya məhdud siyasi azadlıqlar olan ölkədir; nə mediaya, nə qeyri–hökumət ictimai sektoruna, nə də ki, siyasi müxalifətə qəti meydan verilmir.

Image result for Vladimir Putin

Onun iqtisadi siyasəti də eynilə əksər post-sovet ölkələrindəki kimi resurslar, ən birincisi də, qaz və neftin ixracından gələn gəlirlər üzərində qurulubdur,- bu mənada Rusiya yenə öz “kiçik qardaşlar”ı üçün “böyük nümunə” olaraq qalır.

Son illərdə azca hərbi-sənaye kompleksində tərpəniş var, bu, da onun nəticəsidir ki, sovetin vaxtında bura çox böyük diqqət yetirilirdi və həm də Rusiyanın dünyanın silah bazarında qalmasının daha bir səbəbi vardır: başqa ölkələr heç də hamıya silah satmır, silah bazarı bir az siyasi bazardır, bunlarsa hamıya satır – “izqoy” rejimlərə, biri-birilə müharibə aparan ölkələrin hər birinə və s. və i...

Təsadüfi deyil ki, Putinin seçki sürprizi də yeni silahla bağlı oldu. Federasiya Şurasındakı illik çıxışında o, yeni silahın – nüvə mühərrikli raketin yaradaılmasının anonsunu verdi. Amma burada iki ciddi nüans var.

Birincisi, nüvə mühərrikli raketlərlə hələ ötən əsrin 50-60-cı illərində akademik D.Bloxintsev məşğul olmağa başlamışdı. Düşünmək ki, digər ölkələrin konstruktor və alimləri bu haqda heç fikirləşməyib – razılaşın, bu, sadəlövhlük olardı.

İkincisi, ABŞ Rusiyanın hərbi-sənaye kompleksilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu isə o deməkdir ki, Rusiyanın yeganə elmi-texnoloji tutumlu sənaye sektorunu da heç də xoş günlər gözləmir.

Qərəz, bu adam dördüncü dəfə prezident olacaq. Özü haqqında danışanlar çoxdur və bu, da təəccüblü deyildir. Bütün avtoritar liderlər öz xalqlarından və ölkələrindən daha məşhur olurlar.

Amma bir baxın, bircə adamın da ağlına gəlmir ki, məsələn, “Rusiya iqtisadi möcüzəsi” haqqında yazsın, çünki belə şey qəti yoxdur, əvəzində yaxın üfüqlərində ikinci “perestroykanın mayakı” görünən ölkə var.

Halbuki başqa ölkələrdə başqa siyasətçilər çox qısaca müddətlərdə buna nail ola biliblər. Bu konteksdə yetərincə misallar gətirmək olar. Məsələn, Çin kimi ac nəhəngi dünyanın iqtisadi cəhətdən ən aparıcı ölkələrindən birinə çevirən D.Syaopin kimi siyasətçi olub. Hələ heç onu demirik ki, qısa zamanda T. Özal Türkiyə kimi ölkənin iqtisadi siyasətini elə istiqamətləndirdi ki, hamı cıddi bir şəkildə “Türkiyə möcüzəsi”ndən danışmağa başladı.

Bir daha deyirik ki, Putindən və Rusiyadan da danışan az deyil. Amma hamı “Putin avtoritarizmi”ndən və bir də çoxmənalı “Putin Rusiyası”ndan danışır. Demokratik və yüksək iqtisadi inkişaf templəri yaşayan Rusiya isə yoxdur. Əvəzindəsə, bir daha deyirik ki, yenidən çox böyük geosiyasi iddialara düşən və elə həmin o iddiların da çox da uzaq olmayan gələcəkdə ikinci “perestroyka” vəd etdiyi ölkə vardır ki, artıq adı da modifikasiya edilərək “Putin Rusiyası” çağırılır. Bu ölkə dünyada hansı reputasiyanı qazanır – buna da cavab vermək çətin deyil, yetər ki, elə bu son günlərin böyük qalmaqallarını yada salasan.

Ən maraqlısı isə heç bilıirsinizmi, nədir? Totalitar və ya avtoritar ölkələrin vətəndaşları daim düşünürlər ki, guya ki, onlar sosial - siyasi eksperimentlərdən sığortalanıblar, halbuki ən böyük və ən uğursuz eksperiment elə totalitarizm və yaxud avtoritarizmdir. Bu rejimlərin liderlərinin daim vətəndaşların gözünə soxduğu bir şey var və bu, da guya, sabitlikdir. Ona qalsa, dünyada ən sabit yer qəbirstanlıqdır...

Şərh