Bəhrəm Nəsibovun yaradıcılıq tədbiri

26 may 2018 18:12
Oxunma sayı: 76

Bəhrəm Nəsibovun yaradıcılıq tədbiri



Bu gün BakıFM.Az-ın əməkdaşları Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında tanınmış mərhum bəstəkar, ifaçı, şair Bəhram Nəsibovun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə iştirak etmişdir.
Tədbirdə tanınmış simalardan şair Seyran Səxavət, muğam ustası Qəzənfər Abbasov, bəstəkar Sevinc Tofiq qızı, müğənni Səyyad Əlizadə, gitara ustası Rəhman Məmmədli və başqaları iştirak etdi. Onlar Bəhram Nəsibovun həyat və yaradıcılığı haqqında öz düşüncələrini və xatirələrini paylaşdılar. Həmçinin bəstəkarın həyat və yaradıcılıgına həsr olunmuş müəllifi Fərahim Sadıqov olan kitabın təqdimatı da keçirildi.
Tədbirdə tanınmış incəsənət xadimləri tərəfindən bəstəkarın bir neçə mahnıları da səsləndirildi.
Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. İlk mahnısı olan "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov bəstəkarlıqla yanaşı tarda və gitarada gözəl ifa edirdi. Eyni zamanda Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.
Vətəninə bağlı olan Bəhram Nəsibovun 1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızıb. 5 il bu xəstəlikdən əziyyət çəkən şair, bəstəkar Bəhram Nəsibov 1998-ci ildə dünyasını dəyişmişdir.


Günay Akifqızı
Aysel Qəhrəmanqızı
BakıFM.Az

Şərh